Bal

Bal

Bal, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir maddədir. Bu arı növlərindən ən məşhuru bal arılarıdır. Arı ailələri balı qidalanmaq üçün hazırlayır və saxlayırlar. Arılar bitkilərin şəkərli ifrazatlarını (əsasən çiçək nektarını) toplayıb təmizləyərək bal istehsal edirlər. Bu təmizləmə, həm arı orqanizminin daxilində requrqitasiya və fermentativ proseslərlə, həm də pətəkdə saxlama zamanı suyun buxarlanması nəticəsində baldakı şəkərlərin qatı və özlü olana qədər konsentrasiyasının artması ilə baş verir.

Bal arıları balı şanda toplayırlar. Şanın içərisində bal pətəyi adlanan mumdan hazırlanmış bir quruluş var. Pətək yüzlərlə və ya minlərlə altıbucaqlı hüceyrələrdən ibarətdir və arılar onları balı saxlamaq üçün istifadə edirlər. Bal istehsal edən digər arı növləri isə maddəni müxtəlif quruluşlarda, məsələn, iynəsiz arıların istifadə etdiyi kimi mum və qatrandan hazırlanan qablarda saxlayırlar.

İnsan istehlakı üçün nəzərdə tutulan bal çeşidləri vəhşi arı koloniyalarından və ya əhliləşdirilmiş arıların pətəklərindən toplanır. Bal arılarının istehsal etdiyi bal, dünya miqyasında kommersiya istehsalı və mövcudluğu sayəsində insanlara ən çox tanış olan baldır. Arıların yetişdirilməsi arıçılıq və ya apikultura kimi tanınır, iynəsiz arıların yetişdirilməsi isə adətən melipokultura adlanır.

Bal şirindir, çünki tərkibində yüksək konsentrasiyada fruktoza və qlükoza monosaxaridləri var. Bal, saxaroza (süfrə şəkəri) ilə təxminən eyni nisbi şirinliyə malikdir. Bir standart xörək qaşığı (15 ml) balda təxminən 46 kilokalori qida enerjisi var. Bal, çörək bişirmək üçün cəlbedici kimyəvi xüsusiyyətlərə və dadlandırıcı kimi istifadə edildikdə fərqli ləzzətlərə malikdir. Mikroorqanizmlərin çoxu balda böyüyə bilmir və qablaşdırılmış bal xarab olmur. Arxeoloji kontekstlərdə tapılan bal nümunələrinin minlərlə ildən sonra da yeməli olduğu sübuta yetirilmişdir.

Xalq arasında bal, daxili orqanları sağlamlaşdıran, insana enerji verən, iradəni möhkəmləndirən, ovqatı yaxşılaşdıran, bədəni gümrahlaşdıran, cavanlığı qoruyub saxlayan, ömrü uzadan məhsul kimi bilinir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy